AHİK sədri Səttar Möhbalıyev şəhid ailələrini ziyarət edib
Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar da bu nəcib missiyada yaxından iştirak edir.

Ənənənin davamı olaraq martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Novruz bayramı ilə əlaqədar şəhid ailələri ilə görüşüb.

Vətən müharibəsi şəhidləri – Sədi Musayev, Elbrus Əhmədov, Arif Abbasov, Tural Əsgərli, Röya Ələkbərov və Adil İbrahimlinin ailəsinə baş çəkən S.Möhbalıyev Novruz bayramı münasibətilə onları təbrik edib, xoş arzularını çatdırıb.

AHİK sədri şəhid ailələri ilə söhbət zamanı bildirib ki, qədirbilən xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən, bu yolda canını belə əsirgəməyən qəhrəman oğullarını heç zaman unutmayacaq, onları ehtiramla yad edəcək, əziz xatirələrini qəlbində daim yaşadacaq.

Ziyarət olunan şəhid ailələrinə bayram sovqatları verilib.

Şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.


Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo