Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur
“Azərbaycanın qonşu dövlətlərlə münasibətləri mehriban qonşuluq prinsiplərinə əsaslanır, etibarlı tərəfdaş kimi hər zaman öz dəyişməz mövqeyini nümayiş etdirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini regionda sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması təşkil edir. Təbii ki, bu, region dövlətlər tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Bu xüsusda Rusiya ilə münasibətlərimizi yüksək dəyərləndirərdim. Bütün sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Deyərdim ki, bu münasibətlər hər iki dövlətin qarşılıqlı maraqları çərçivəsində bütün sahələrdə özünü göstərir və hər iki dövlətin milli mənafeyinə əsaslanır. İqtisadi-ticari əlaqələrimizə nəzər salsaq, görərik ki, bu sahədə ildən-ilə artım müşahidə olunur. Belə ki, əmtəə dövriyyəsinin həcmi 3 milyard dolları keçib. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafında da şimal qonşumuzla əlaqələr mühüm rol oynayır. Bu sahədə istehsal olunan mallar daha çox Rusiya bazarlarına ixrac olunur”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, hal-hazıradək ölkələrimiz arasında hüquqi baza təşkil edən 245 sənəd imzalanıb: “Bunların arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il tarixli Müqavilə, dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il tarixli Bəyannamə və hər iki ölkə prezidentlərinin 2018-ci il tarixli Birgə Bəyanatı münasibətlərimizin strateji xarakterini müəyyənləşdirib. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində fevralın 22-də Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə artıq münasibətlərimizi müttəfiqlik səviyəsinə qaldırı. Bu da hər iki ölkənin milli maraqlarına tam cavab verir, xalqlarımız arasında mövcud olan dostluq bağlarını daha da möhkəmləndirəcək. Bəyannamə iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasında əhəmiyyətli rol oynayacaq. Müstəqillik, dövlətlərimizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsi bəyannamədə xüsusi olaraq vurğulanır və  müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimizin əsasını təşkil edir. Burada sülh və təhlükəsizlik məsələlərinə də xüsusi önəm verilir. Təbii ki, bu da dövlətimizin maraqları ilə tam uzlaşır. Bəyannamədə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının yer alması diqqət çəkən məqamlardandır. Bildirilir ki, bəyanatların müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək veriləcək. Buradan çıxış edərək deyə bilərik ki, Ermənistan tərəfi imzaladığı bəyanatlarla üzərinə düşən öhdəlikləri mütləq yerinə yetirməlidir. Bu, regionda sabitliyin davamlı olması baxımdan xeyli əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, qalib dövlət olaraq yaratdığı yeni konfiqurasiya, regionda sülh və təhlükəsizlik naminə səyləri, görünür, bütün dövlətlər, o cümlədən Rusiya tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycanla müttəfiqlik münasibətlərində maraqlıdır”.

“Ümumilikdə bəyannamə iki ölkə arasında mövcud olan münasibətlərin müttəfiqlik mərhələsinə keçməsinə şərait yaradır. Eyni zamanda iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı investisiya qoyluşunun artmasına, turizim əlaqələrinin genişlənməsinə, bununla da xalqlarımızın rifah halının daha da yaxşılaşmasına yeni imkanlar açacaq. Yeri gəlmişkən, qətiyyətlə deyə bilərik ki, bəyannamə Ermənistanın uydurduğu digər bir mifin məhv olmasına gətirib çıxardı. Onlar uzun illər iddia edirdilər ki, Rusiya Ermənistanın ən yaxın müttəfiqidir. Hətta işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad edərkən ermənilər Rusiyanın onlar tərəfindən döyüşəcəyini iddia edirdilər. Amma dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Ermənistanın bu kimi niyyətlərini puça çevirdi”, – Milli Məclisin deputatı deyib.

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo